Tərcüməçi

Baxış sayı

8/10/2016

Xatirələrim - Ömər Faiq Nemanzadə (kitabdan qeydlər)

(Səhifə 9): ... Azqurda məktəb açmaq istəyinə razılıq verilmədiyinə görə Tiflisə gedir, lakin orada da iş tapa bilmədiyinə görə 1894-cü ildə Şəkiyə yollanır. Şəkidə o, böyük sürprizlə qarşılaşır. Çünki Şəki sakinləri Qafqazda ilk dəfə olaraq üsuli-cədid üzrə nizamlı bir türk məktəbi açmışdılar.
     ...
     Bu məktəbi sünni müsəlmanlar açdığına görə, şiə uşaqları az gəlirdi, ona görə də sünnilərdən ayrı yaşayan şiələr də tezliklə öz məktəblərini açırlar, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər.

(Səhifə 26-27): ... Ay bacanaq, mollalıq bizim nəyimizə lazım. Deyək ki, oğlum molla oldu, nə xeyri? Böyük işi nə olacaq – namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün deyəsən, bundan başqa sənət yoxdur. Yerindən duran molla olmaq üçün oxuyur. Biçarələr kəndlərindən özgə dünya görməmişlər. Bacanaq, bir Tiflisə gedib oradakı yaşayışı görsən, əqlin gedər.

(Səhifə 32-33): İstambulun mərkəzinə yaxın hündür bir yerdə sultan Fatehin yapdırdığı dörd minarəli böyük bir came var ki, Fateh camesi deyirlər. Özgə böyük camelərin ətrafında olan kimi, bunu da hər iki tərəfində camelərdə oxuyan tələbələrə məxsus mədrəsə vardır. Bu mədrəsələr vaxtilə elmi bir məqsəd üzrə yapılmış olsalar da, hazırda bütün mənası ilə birər tənbəl, əsgər qaçağı, əxlaqsızlıq ocağına dönmüş. Hər ki istərsə gələr, birər vasitə ilə bura girər, istərsə oxuyar, istərsə oxumaz, pozuq bir halda kefi istədiyi qədər qalar, hökumətdən hər gün yeyəcək alar, axırda mədrəsədən mədrəsə elmlərini oxuyub qurtardığına dair icazənamə alar, Anadolu və ya Rum elini gəmirməyə gedər.

(Səhifə 47): Həbsxanada ikən düşünürdük: bir müdirin üzünə ağ olan bir tələbəyə bu qədər əziyyət verilirsə, əcəba bir nazirin və ya padşahın əleyhinə çıxan inqilab qəhrəmanlarına veriləcək işgəncə necə olar?

(Səhifə 52): Bu dəfə daha bizim tərəflərdə Bəyoğlunda yox, İstanbulun ən tənha və qaranlıq səmtində, “Ədirnə qapısı” məhəlləsində axısxalı Yusif əfəndinin evində yığışırdıq. Biz burada tamam arxayın idik ki, yerimizi şeytan da olsa bilməz. Buna görə söhbətimizi çox şad keçirir və o qədər ehtiyata da lüzum görmürdük və eylə sanırdıq ki, xəfiyyələrin əllərindən tamamilə qurtulduq. Buradan anladıq ki, yığıncağımız çox keçmədən duyulmuş, ancaq hərəkət və işlərimizlə daha ciddi tanış olmaq və hamımızı birdən ovlamaq üçün bizi uzun vaxt özbaşına buraxmış və bilə-bilə bizə toxunmamışlar.

(Səhifə 53): ... Gəmimiz Rumıniyanın Küstançə iskələsinə uğradı. Yolçular gəmidən rıxtıma endilər. rıxtımdan şəhər gedən yollar geniş və təmiz görünürdü. Dəniz kənarında, İstanbulun Çırağan sarayına bənzəyən gözəl bir bina dururdu. Dedim əlbət burası kralın sarayıdır. Bir az sonra duydum ki, camaat klubu imiş.

(Səhifə 54-56): ... Köylülər ancaq xəlifənin salamlıq təntənəsindən, əsgərindən, camelərindən, çalğısından maraqlanırdılar. Mən bunları qısaca keçir, Avropanın böyük mədəniyyəti və qüvvəti qarşısında Türkiyənin dala qalmasından, padşahın israfından, mollaların əsgərlikdən qurtulmaq üçün mədrəsələrə dolmalarından və oralarda boş-avara ömür keçirmələrindən, paşaların, məmurların milləti soymalarından uzun-uzadı söhbət edirdim.
     ... Came havlularında mollalarla olan mübahisələrimizə qulaq asanlar get-gedə ikiyə bölündü: gənclər, ixtiyarlar.
     ... Mübahisələrimiz isə ən adi, ən sadə məsələlər üzərində idi: şapka geymək və şapka ilə namaz qılmaq olurmu? Müsəlman qızlarına yazı öyrətmək lazımmı? Millətə məktəbmi çox lazım, mədrəsəmi? Padşahın millətə xəyanət etməsinə inanmaq olurmu? Möcüzə və kəramət doğrudan göründükləri kimi, yoxsa beyin və gözün müvəqqəti bir halətimi... kimi məsələlər idi.
     ... o vaxtlar dinin, din əsaslarının əleyhinə ciddi bir şey dediyim yox idi. Bunu istəsəydim də cahil köylülər arasında birdən-birə deməyə lüzum yox idi. Çünki düşünürdüm ki, xalqı ruhanilər və güclülər əleyhinə qaldırmaq üçün onların hələlik həzm edə bilməyəcəkləri, anlaya bilməyəcəkləri məsələlərdən müvəqqəti danımamaq, tərsinə olaraq onların anlayacaqları dil və məsələlərdə onlara yaxınlaşmaq, onlarla söhbətdə bulunmaq, onları başa düşüb ələ almaq gərək. Buna görə o vaxtlarda hazırlanmamış köylülər arasında doğrudan-doğruya din, Allah, peyğəmbər əleyhinə söz söyləmək hünər deyil, axmaqlıq idi. Çünki keçmiş həyatın, adətin doğurduğu üsul və həyatı yıxıb təzə yollara keçmək üçün uzun-uzadı ictimai, inqilabi və elmi hazırlıq lazımdır. Bunsuz bu hazırlıqsız yeni bir maarif və mədəniyyət işi görmək və görülən işlə müvəffəqiyyət qazanmaq çətindir.
     ... Azqurda, Axalsıxda bir iş görə bilməyəcəyimi anlayınca uzaqlarda, böyük türk şəhərlərində iş aramağa, çalışmağa məcbur oldum.
     Türk mətbuatında və ya hökumət məktəblərində çalışmaq ümidilə Tiflisə getdim.
     Məktəblərdən biri Əli (şiə), o biri Ömər (sünni) məktəbi idi. Məktəblərin adlarından çarlığın onları nə məqsədlə açdığını söyləməyə belə ehtiyac yoxdur.

(Səhifə 64-65): Hökumətin bu milli məktəbə mane olmasına gəlincə ilk illərdə məscid yanlarında birər kiçik mədrəsədən başqa bir şeyi olmayan bu kimi məktəblərin hökumətin qarşı bir qorxusu yox idi. Bunlardan heç bir şey gözlənməzdi. Xüsusilə məktəbin maarif müdirliyinə göndərilən dərs proqramında dini dərslərin çoxluğu, hələ ruscanən olması hökuməti bir o qədər şübhələndirmirdi. Bununla bərabər məktəb həmişə maarif müfəttişinin diqqəti altında olurdu. Hökumətə verilən proqramda tarix dərsi yox idi. Buna görə də İstambuldan gətirilən kitablar məktəbdə gizli oxudulurdu. Ehtiyat üçün bu kitabların cildləri cırılır, Bağçasarayda çap olunmuş kitabların cildləri içinə qoyulurdu.
     O vaxtlarda ən çətin məsələ məktəblər üçün kitab tapmaq idi. Qafqaziyada çap edilmiş türkcə məktəb kitabı yox idi. İstər Türkistan, Krım, istərsə də Qafqaz üçün məktəb kitabı Bağçasarayda "Tərcüman" sahibi İsmayıl bəy Qasprinski tərəfindən çap edilən türkcə qiraət, ilk hesab, coğrafiya kitabları idi.

(Səhifə 71): Şirvanlı Əbdülsəlimzadə Hadi və şəkili Mir Saleh, Molla Həsən Tahirov kimi gənc və müstəid mollalarla daha azad və açıq danışır, elm ilə dinin bir olduğu fikrində olanların ya ikiüzlü alim və ya elm ilə dini anlamayan cahil olduğunu söylərdim.

(Səhifə 83): ... Mən həqiqəti olduğu kimi söyləmək istədim:
   - Rusiyadakı türklər ilə Türkiyədəki rum və ermənilər arasında haqq və ixtiyarca böyük fərq var: erməni və rum ruhani idarələri yarı müstəqil bir haldadırlar. Ruhani idarələri yanında, böyük millət məclisləri var. Bütün işləri bunlar görür. Hər yerdə müstəqil milli məktəbləri var, mədəni cəmiyyətləri var, maarif təşkilatları var. Bir türk hakimi, Anadolunun bir yerində erməni milli hüququna toxunan kimi İstanbulda ruhani rəisi o saat sədr-əzəmə etiraz göndərir. İş bir az böyük isə rəis sultanın yanına gedib şikayətini eləyir. Bu sözlər bəlkə burada qəribə görünür, lakin həqiqət belədir və belə olmalıdır da. Çünki hər millətin mədəniyyət və maarifcə yüksəlməyə, yaşamağa haqqı vardır və bu haqqı hər yerdə hər zaman saxlamalıdır.

(Səhifə 91): Şamaxı məscid məktəbini Şəkidə olduğu kimi, az-çox lüzumunu qanan dövlətli alverçilər saxlayırdı. Müəllimlərin aylıqlarını və özgə xərclərin hamısını onlar verirdilər.

(Səhifə 94-96): Mən bu vaqiənin kəramət deyil, vaqiədən əvvəlki bir duyğu və ya bir təsadüf olduğunu özgənin dili ilə və nağıl surəti ilə anlatmaq istədim:
   − Hacı əfəndi! Yaxşı yadıma saldınız. Bu son vaxtlarda Osmanlı qəzetə və məcmuələrində məşhur firəng alimi Flammarion yazılarının tərcümələri görünməkdədir. Bu yazılar bütün mədəniyyət aləmində maraq oyandırdı, uzun mübahisələrə meydan açdı. Görünür ki, firənglər bizim köhnə elmlərə sahib olduqları kimi, övliyalara məxsus zənn edilən ruhani fəzilətləri üstündə həqiqəti göstərməyə başlamışlar, − dedim.
   − Yaxşı başa düşmədim, firəng alimi nə yaza bilər və nə həqiqət göstərə bilər ki?
   − Mən də ona çaşıram. Kamil Flammareon bizim kəramətlərə vaqeədən qabaqkı duyğu (hissi-qəbləl-vüqu) adını verir. Bunun bir çox adamların həyatında əmələ gəldiyi yüzlərcə misallarla isbata çalışır. Bir çox başqa alimlər isə bu kəraməti iki dost və tanış beyni arasında vücuda gələn bir elektrik cərəyanı, bir hava radiosu deyə izah edirlər.
   − Bu izahların cümləsi hədyandır, onlarda bizim ruhani kəramətini anlayacaq beyin olmaz...
   − Hacı əfəndi! Elədir. Amma onların kəşfləri çox da əsassız, dəlilsiz deyil. Hamısı uzun-uzadı elmi tədqiqat nəticəsidir. İzah edənlər məşhur alimlərdir.
   − Nə olsalar da, onlar bizim ruhaniyyətə ağıl yetirməzlər.
   − İş burasındadır ki, onlar bizim ruhaniyyət zənn etdiyimiz halların maddi hadisələr nəticəsində olduğunu böyük əsərlərdə, elmi yolla isbata çalışırlar ki, rəddi çox çətin!
   − Ruhaniyyətə aid olan kəramətin maddi hadisələrlə nə müsibəti var?
   − Can alacaq nöqtə buradadır ki, onlar ruhaniyyəti elm yolu ilə tamam inkar edirlər. Dünyada hər hadisə maddidir, − deyirlər.
     Artıq Qaraqoyunluya yaxınlaşmışdıq. Hacı əfəndi saqqalını tumarlamağa, uzun papağının ortasına sarılan ağ sarığı düzəltməyə, oturuşunu dəyişdirib heybətli görünməyə başladı.
     Fayton atlarının cınqırıqlarını uzaqdan eşidən kəndlilər birər-birər bizə yaxınlaşıb bizim kim olduğumuzu duymaq istəyirdilər. Çox keçmədi, Hacı əfəndini tanıyan kəndli müridlər:
   − Ə-ə-ə,Hacı əfəndidir. Hacı əfəndi! − deyə ucadan səsləndilər. Çox keçmədi, faytonumuz kəndli müridlərlə sarıldı. Burada İstanbula rəhmət oxudacaq bir ətəköpmə mərasimi başlandı. Hacı əfəndinin tozlu ətəyinə çata bilməyənlər, murdar ayaqlarına dodaqlarını sürtməyi daha şərəfli bilirdilər. Camaatın hücumu, dodaqların şap-şupu o dərəcəyə çatdı ki, atlarımız ürküb faytonu bir yana zorlayıb müridləri çiftələməyə girişdilər. Bu qarışıqlıqda Hacı əfəndinin ayağı sayılaraq mənim ayaqlarımın öpüldüyün duyub tez geri çəkildim və özümü dala verib bu cahilcə işin Hacı əfəndidə buraxdığı təsiri görməyə çalışırdım. Hərifin bu halı zahirən olsun, mən edəcəyi yerinə - dodaq şappıltılarına qarışan "ağrın alım" səsləri ilə hind toyuğundan daha artıq şişdiyini görüb təəccüb elədim.

(Səhifə 97-101): Mən bu kimi məclisləri 1920-ci ilin martında Qazaxda İncə kəndində Şeyx Əhməd əfəndinin evində, Borçalıda Dəmirçilər kəndində gördüm. Bunlar daha kobud, daha vəhşi və ədəbsizcə idi. Bunların yanında Şirvandakılar, ruhani dilincə "məclisi-ədəb" sayılırdı.
     Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fikir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də işarə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin, xüsusilə şeyxlərin əyləncə və iş malları idi. Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası - kiçik bir ölçüdə olsa da, Sultan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı bunda idi ki, sultan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surəti ilə dolardı. Bunlardan başqa, təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözləri düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar... hamısı... hamısı şeyx hərəmxanasına toplanırdı.
     Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.
     Hələ bunlar yenə bir dərəcə ədəbli, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında, Acıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsatı daha rəzilanə, daha nifrətli idi. Sırf avam və savadsız olan bu şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək, təriqət adı ilə yapmadığı rəzalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.
     ... Yarı gecələrə qədər sürən ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərlərmiş. Ancaq ibadət zamanı gözə gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlanılar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi "ruhani" vəzifə tapşırılarmış. Onlar ibadətlə yorulmuş olan şeyxin vücudunu ovxalayıb, qüvvət və qiyamə gətirir və bu surətlə feyz və savab qazanarmışlar. Bütün ömrünü təriqət ayələrində bu surətlə keçirən, Sultan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimsə səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görüncə əlinə sarılır, iltifatını canına minnət bilərmiş. Bu rəzaləti duyan böyük hökumət məmurları isə eşitməməzliyə gələr, camaatın avamlığına ürəkdən sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə "müsəlmanlığa yaraşmaz" deyə etiraz edər və bu yol ilə islam dininin qeydinə qalarlarmış.
     ...
     Şamaxı camaatını, ümumiyyətlə, insaniyyətli, xoş xasiyyətli gördüm. Ancaq çox dindar, sufiməşrəb idilər.
     Burada özüm eşitdiyim və gördüyüm bir vaqeəni söyləmədən keçməyəcəyəm:
     Şamaxı üləmasından və ruhani idarəsi üzvlərindən Hacı Əbdürrəhim əfəndi kimi bilir, neçə günlər, bəlkə aylar düşünüb-daşınıb, dürlü-dürlü fars-ərəb münəccim kitablarını əlləşdirib, uzun zəhmət çəkəndən sonra Rusiya çarına ərəbcə bir dua yazmış və bunu übudiyyət və sədaqətnamə surətində göndərmiş. Həmin sədaqətnamədə çarın bütün dünya padşahları içində və birinci əzəmət və mərhəmət sahibi olduğunu və tez-gec hamı padşahların buna tabe olacaqlarını və bütün təbəəsinin, xüsusilə, müsəlmanların sevgili atası olduğunu, müsəlman ruhanilərinə qarşı himayun nəzərlərini əskik etməyəcəyini, Allahın yer üzündə vəkili olub, yüzlərcə il yaşayacağını ağıla gəlməyən mədh və sözlərlə bildirmiş. Görünür, ərizəyə çoxlu müsəlmanlar tərəfindən və ya onların adlarından da qol çəkilmiş ki, ərizə çox tezliklə çara verilmiş və o da xoşlanıb Hacı əfəndiyə yekə bir qızıl saatı bəxşiş göndərmişdi. Həmin saatı hər yerdə qoynundan çıxarır:
   − Baxın, görün, ələvü əqdəs həzrət humayunun bəndələrinə olan ehsan və mərhəmətidir, − deyərək, uşaq kimi sevinirdi. Şamaxının, bu Xaqani və Nəsimi vətəninin belə sadə ürəkli, səfeh, yaltaq, dilənçi alimləri, bu şair və ədiblər qaynağının üzə çıxardığı Seyid Əzimləri, Ünsizadələri[3], Səhhətləri, Nasehləri[4], Tərrahları[5], Hadiləri kimi şair və ədibləri yanında Şamaxı üçün birər qara ləkələrdir.

(Səhifə 107): "Şərqi-Rus" Məhəmmədağanın müdir və baş mühərrirliyi ilə 1903-cü il martın 30-da işə başladı. Bu qəzetə Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzetəsidir.

(Səhifə 111): ... böyük ədibimiz Mirzə Fətəlinin 60 il bundan əvvəl din əleyhinə yazdığı "Cəmaləddin və Kəmaləddin müsahibəsi" kitabçasını mən 1905-ci ildə Tiflisdə əldə satılan kitablar arasında tapıb aldım. Onu bir neçə il sonra olduğu kimi çap etdirmək istədim, lakin onu düzən mürəttib tapa bilmədim. 1907-ci ilin əvvəlində İstanbula gətirdim ki çap etdirim. Oranı buradan daha bədtər görüb geri gətirdim. 1922-də həmin kitabı köhnə dostum Nəriman Nərimanova göstərdim, onunla çap etdirməyi qərara aldıq. Bu sırada Ağamalı oğlu[4] oxuyub qaytarmaq üzrə kitabı məndən istəyib aldı. Onu bir daha mənə qaytarmayıb öz tərəfindən çap etdirdi. Buna sözüm yox, elə də, belə də çap etdirəcəkdik. Ancaq burasını bildirmək istəyirəm ki, biçarə Mirzə Fətəli də öz vaxtında bizim təki din əleyhinə yaza bilirdi, lakin çapı mümkün deyildi. Yaxşı ki, kitab neçə il sonra da olsa, təsadüfən mənim əlimə keçdi, yoxsa itib gedəcəkdi.

(Səhifə 112-113): "Hanı bizdə bir icadçı, bir ixtiraçı alim? Alim adlılarımız yox deyildir. Alimlərimiz var. Hətta bunlar arabir mərhəmət və cuşə gəlib, elm və mərifətin lüzumuna, insanın şərəfli, "itaətli" olmasına dair qəzetlərdə, anlaşılmaz dillərlə, köhnəlmiş, min kərə təkrar edilmiş fikir və sözləri yazırlar. Çox gözəl! Amma iş yapmaya, görməyə ixtiyar və qüvvələri olan bu alimlərdən biz yalnız quru söz, boş fikir gözləməyirik. İndi Adəm dövrlərində deyilik. Avam kəndlilər belə elmin lazım olduğunu az-çox qanırlar, lakin onu nə vasitə ilə ələ gətirmək yolunu bilməyirlər. İştə buralarını onlara sözlə deyil işlə, misal ilə göstərmək lazım. Yoxsa boş sözü hər kəs söylər. İşi isə hər kəs görə bilməz. Buna görə biz alim adlılarımızdan quru söz, köhnə fikir deyil, səmimi ürək və ciddi qeyrətlə iş gözləyirik..."
     Bir gün Tiflisdə ruhani rəhbərlərin minbərlərdə söylədiklərini öz qulağımla eşitmək üçün cümə namazına getdim. İmam namazdan qabaq minbərə çıxıb yarım saatdan artıq ərəbcə uzun xütbə və dualar oxudu. Oxunan vaxt mən ərəbcənin camaata verdiyi təsiri anlamağa diqqət verdim. Gördüm ki, kimi əsnəyir, kimi ayaqlarının barmaqları ilə oynayır, kimi də xoruldayır, bəzisi yuxulayır. Bu vaxtda mən utanmayıb cürət etsəydim, xətibə qarşı belə bağırmaq istərdim:
   − A kişi, bu ərəbcəni kimdən ötrü oxuyursan?!

(Səhifə 114): Bir çox yerlərdə öz gözlərimlə görürdüm ki, qazı, əfəndi öz vəhşi ərindən boşanmaq istəyən qadına: "şəriət qadına boşanmağa rüsxət vermir", − deyərək döyə-döyə ərinə qaytarırdı. Ata və anaların bir çoxları "başlıq" deyilən behə qızlarını zorla sevmədikləri dövlətli və yaşlı qocalara verdiklərinə bir yerdə deyil, Qafqazın hər yerində bol-bol rast gəlirdim.
     ...
     Sünnilərdə şəriətin rüsxət verdiyi "zövci-axər" ilə şiələrdəki "siğə" biabırçılığı din naminədir.
     ... "Molla Nəsrəddin"də "Dərdimənd" imzaları ilə (1907, № 19, 20, 23), "Zövci-axər" və "Hicab məsələsi" başlıqları ilə məqalələr yazıb qadın azadlığını iddia və tələb etdiyimdən ötrü Tiflisin axundları və ağsaqqal köhnəpərəstləri məni 1907-ci ildə iyun ayında ağzına qədər camaatla dolu olan Şah Abbas məscidində şəri məhkəməyə çağırıb elmi istintaq ilə məhkum etmək istədilər.

(Səhifə 116): ... 1894-cü ildə Şəkidə müəllimlikdən başlayaraq, dilimizə soxulan ərəb və fars sözlərinin gərəksizliyindən, əlifbamızın yaramazlığından bəhs edərək, Krımda çıxan "Tərcüman"a 1898-də birinci məqalə yazdım. Heyf ki, bu barədə heç gözlədiyim cavab alınca, qəzetsizliyimiz üzündən ta "Şərqi-Rus"un nəşrinə qədər sükuta məcbur oldum.
   Mərhum İsmayıl bəy məqalələrimi çap etməməkdən başqa, məni cavan və cəhalətdə töhmətləndirməkdən belə geri durmadı. Lakin çox keçmədən, özü də mənim fikrimə gələrək "Tərcüman"da təzə imla haqda yazmağa başladı. Bu isə mənə haqq və cürət verdi.

(Səhifə 123): "Həqiqətdə kül-torpaq başımıza ki, hər millətin obrazovannıları, millətinin səlamətliyi üçün camaatla hər cür rəftar, millətinin hürriyyəti uğrunda mallarını deyil, canlarını belə fəda etdikləri halda, bizim bəzi obrazovannılarımız safdil camaatı maarif aləminə yeni addım atmağa başlamış qardaşlarımızı yersiz, layiqsiz, vaxtsız rəftarları ilə, yazıları ilə maarif və mədəniyyətdən uzaqlaşdırmağa bir növ səbəb olurlar. Aranı bir vəchlə xarab edən bəzi məhəbbətsiz, qeyrətsiz obrazovannılarımızın bəd rəftarına baxan camaatımız ümumiyyətlə oxumuşlara küskün və onlardan şikayətli kimidirlər. Hətta bu küskünlük təəssüf ediləcək elə bir haldadır ki, camaatımızın bir böyük qismi heç yerdə əskik olmayan bir neçə bihəmiyyət, biqeyrət, biməslək meymunların rəftarlarına baxıb mədəniyyəti o meymunların səfahətlərindən ibarət zənn edirlər, vaxtlarını içkiçilikdə, əxlaqsızlıqda, xalqa zərər verməkdə olanlar və ya bir qadına olan eşqindən və ya bir qulluğa olan danaətkəranə tamahından ötrü təbdili-din edən səfehlərə baxıb ümumiyyətlə, oxuyanlardan, xüsusilə, rusca oxumaqdan üz çevirirlər, uşaqlarını rus məktəblərinə verməklə fikri-cahilanəsinə düşürlər ki, nə qədər təəssüf edilsə, o qədər azdır".

(Səhifə 124): ... Yazı yazmaqdakı hünər və mərifəti ərəbi və farsi sözlərin çoxluğunda bilməyək. Bəlkə mümkün mərtəbə sadə yazmağı özümüzə adət edib özgələrə də nümunə - örnək olaq.

(Səhifə 131): 1905-ci il noyabrın 20-də axşam saat 9-da ləzgi paltarlı üç adam faytonla erməni məhləsi tərəfindən gəlib türklərin Şeytanbazardakı "Roza" lokantasının qabağından keçərək havaya beş-on güllə atdılar və faytonlarını bərk sürüb Ortaçalaya doğru getdilər.
     Polisanın axtardığı bu ilk güllələr çoxdan bəri hazırlaşan hər iki tərəfin bir-birləri üzərinə yırtıcı quduz canavarlar kimi atılmaq üçün bir komanda işarəsi oldu. O dəqiqədən hər iki tərəf öz məhəllə səngərlərini açıq surətdə qurub bir-birinin üzərinə hücuma keçdilər.
     O gecə səhərə qədər türklər erməni məhəlləsini, ermənilər türk məhəlləsini güllə yağışı altında saxladılar.
     O gecə mən erməni məhəlləsində, Naqorniy küçəsindəki Qeyrət mətbəəsi ilə bir yerdə olan evimdə idim. Şeytanbazardan başlanan atışmadan bir az sonra qırğının başlandığını şiddətli tüfəng səslərindən duydum.
     Ətramızda yaşayanların çoxu ermənilər idi. Oralarda bizdən başqa türk ailəsi yoxdu. O gecə səhərə qədər yuxulamadıq. Gah qorxa-qorxa balkona çıxıb tüfəng səslərinə qulaq asır, gah pəncərə aralığından qonşu ermənilərin hərəkətlərini, hazırlanmalarını sükutca görürdük. Bu birinci gecə dışarı çıxıb tanıdığım erməni, gürcü qəzetləri idarələrinə getmək, qırğının qabağını almaq üçün lazımi tədbirlərin görülməsini rica etmək istədim. Lakin mümkün olmadı. Tanımayan ermənilər yolda türk olduğumu duyub öldürərdilər deyə çəkindim. Gecə vaxtı bərabər aparacaq bir erməni yoldaşı da tapmadım. Səhərə qədər evdə həyəcanlar, qayğılar, maraqlar içində qaldım. Erməni qonşular bizi rahatsız etmək bir tərəfə dursun, səhər tezdən ən yaxın qonşu arvadları bizə gəlib yoldaşıma rahatsız olmamasını anlatdılar və öz aralarında öz bacıları kimi saxlayacaqlarına and içdilər. Sonradan duydum ki, bu erməni qonşu ailəsi Bakı türk-erməni qırğınından qaçıb Tiflisə gələn bakılı ermənilər imiş. Bunların anlatmalarına görə Bakı türkləri bir neçə dəfə bunların üzərinə hücum edib, öldürmək istəmişlər. Lakin qonşu tanış türklər uymayıb saxlamışlar və onları bütün dava boyu və sonra da öz evlərində gizlədib bir neçə vaxtdan sonra Tiflisə göndərmişlər. Doğrusunu söyləmək lazımdır ki, bu qapı qonşu ermənilərdən başqa özgə qonşular da bizə əsla toxunmaq fikrində olmadılar. Hətta tez-tez bizim evə gəlib, özlərinin evlərinə gedib qalmamızın ricasında da oldular.

(Səhifə 134): Vorontsov körpüsündən keçən türk hamballarını (İranlı həmşəriləri) yaxalayıb bağırda-bağırda sürüyüb körpünün kənarına gətirir və burda çaya tullayırdılar.

(Səhifə 136-137): ... Xeyli əziyyətdən sonra erməni yoldaşlarım ilə birlikdə hüduddakı erməni dəstələrinin başçılarını tapdıq. Mən dava tərəfdarı olmadığımı, ümumiyyətlə, hər iki tərəfi barışdırmaq üçün o tərəfə keçmək istədiyimi bildirdimsə də, inanmadılar.
     Erməni yoldaşlarımın uzun danışdıqları, anlatmaları, zamin olmaları, hətta ailəmizin ermənilər içində olduğunu bildirmələri mənim o tərəfə keçməmə güc-bəla ilə razı oldular. Bununla erməni silahlılarının hücumundan, güllələrindən qurtuldum. Lakin hər iki tərəfdən yağan güllələr altında o tərəfə necə keçib qurtulmalı? Bəla burasındadır.
     Yaxşı ki, bu sıralarda atışmalar gah şiddətlənir, gah kəsilirdi. Mən bu kəsişmələrdən istifadə edərək divar dibləri ilə yavaş-yavaş irəlilədim. Hüdud ağzındakı silahlı türklərə səsimi eşitdirdim, məni o tərəfə almalarını rica etdim. Bir az sonra gələn rüsxət səsləri arasında o tərəf keçdim. Keçən kimi məni alıb Paronbəyov karvansarasına apardılar. Orada isə İsmayılbəy, Əlibala, Məşədi Əli kimi bəzi başçıların istintaqlarına məruz qaldım. Onlar məndən ermənilərin qüvvələrini, gizli hücum nöqtələrini, yığıncaq yerlərini xəbər aldılar. Mən də "bilmirəm"ə əlavə olaraq, qonşu davasının axırı peşmançılıq olacağını və onlarla aramızda dava ilə həll ediləcək heç bir ciddi ixtilafımız olmadığına, bu qırğını çıxaranın erməni-türk olmayıb, məhz hökumətin özü olduğuna dair bir çox söz söylədim. Barışmamızı rica etdim. Lakin mühakimələrini itirmiş qızğın başlara, cəhalət qəhrəmanlarına sözüm keçmədi. Gördüyüm başçıların içində dərd və məram anlayacaq, həqiqəti düşünəcək, hökumətin şeytanat siyasətini qanacaq bir kimsə tapmadım.

(Səhifə 138): ... Karvansarının divarları dibi ilə sürünə-sürünə məscidə çatdım. Amma qapını açdırmaq çox çətin oldu. Çünki bura tam hüdud üzərində idi, hər dəqiqə hücum gözlənirdi. Min bəla ilə qapını açdırıb içəri girdim. Oraya girər-girməz atışma yenidən alovlandı. Qapılar daha möhkəm bağlanıb, dalalrı odun və dəmirlərlə bərkidildi. İçəridə olanların gizlənmək üçün ora qaçdıqları gözümə sataşdı. Təhlükə və qorxulu hallara düşmüş bir para zəif insanların aldıqları vəziyyəti görüb təəccüb etdim. Mehmanxana olan binanın qapı-pəncərələri və divarı qayət möhkəm idi. Oraya zorla girməyin kolay olmadığını bildikləri halda, çoxunun rəngi qaçmış, qucaqlara soxulmuş. Tir-tir titrədiklərini görüncə, təəccüb daha da artdı. Doğrusu, acığım gəldi. Hələ zahirdə igid, qorxmaz, heybətli görünən ləzgilərin, ümumiyyətlə, dağlıların burada gördüyüm nümunələri onlar haqqında indiyə qədər bəslədiyim müsbət düşüncələrimi alt-üst etdi.

(Səhifə 140-141): ... Qəhvəxana qarışqa kimi qaynayır, kimi çıxır, kimi gəlib təzə xəbər gətirirdi.              Burada bir neçı tanış cavan gözümə sataşdı. Onları yanıma çağırıb:
   − Görürsünüz, hər iki tərəfdən əlsiz-ayaqsız qırılır. Əsl yanğına səbəb olanlar heç də görünməyir. Bu mənasız qırğının axırı nə olacaq? Vəhşicə qırılıb-qırılıb, yenə bir gün gələcək kor-peşman, utana-utana qonşu qonşunun üzünə baxacaq. Axı ya onların, ya bizim istəyimiz nədir? Nədən ötrü dava edirik? Əlbəttə, bilmirsiniz. Çünki arada bir iş yox ki biləsiniz.
     Cavanlardan biri:
   − Biz nə edək, davanl onlar çıxartdılar. Burada bizim axırımıza çıxmaq istəyirlər. Onlar bizdən mədənidirlər. Qonşu davasının pisliyini, xeyirsizliyini onlar bizdən daha qabaq başa düşüb etməyəydilər. Hanı onlarda barışmaq istəyən, bir söz deyən varmı?
     Mən:
   − Yox, yanılırsınız, davanı nə onlar çıxartdı, nə də biz. Bunu çıxaran ancaq çar hökumətidir. Osmanlıdakı türk-erməni qırğınına da Osmanlı hökuməti günahkardır. O, mədəni surətdə məmləkəti idarə etməyi bacarmır. İstər orada, istər burada xalqın heç günahı yoxdur. Qırğın cinayətini, türk və erməni millət davasını çıxaran hökumətin özüdür. Üç ay qabaqkı əmələ nümayişi yadınızdadır. Onlar hökumətdən azadlıq, bərabərlik, rahat yaşayış və öz nümayəndələri vasitəsi ilə hökumət işlərinə qarışmaq, onların noxtalarını çəkmək istəyirdilər, deyilmi? İndiyə qədər istədiyi kimi keyfinə yaşamış hökumət heç buna razı olarmı? Əlbəttə olmaz. Odur ki, şeytan hökumət axmaq müsəlman ilə sarsaq ermənini tapıb aranı qarışdırır ki, özü salamat qalsın. Oğrular davası Molla Nəsrəddinin yorğanı başında olduğu kimi, bu da inqilab mübarizəsi üstündədir. Bircə düşünün, budavada xeyrimiz nədir, nə gözləyirik, nə qədər qoçaqlıq edib irəli getsək, sabah nə bizi ermənilərin mağazalarını verəcəklər, nə də ermənilərə bizim dükanları. Arada vəhşicə qırılıb boş yerə tələf olacayıq.
     Bu sözlərimin təsiri ilə tanışlarımın bir az sakitləşdiklərini görüb istədim bunlara söylədiklərimi hamı üçün təkrar edim, lakin tanışlar:
   − Aman, Faiq! Səni tanımayanlara belə barışıq söhbəti açarsan, qorxuram, səni erməni agenti hesab edələr və sənə bir zərər yetirələr. Qanmaz camaatdır, bunlardan hər şey çıxar. Bir də bu vaxt kim kimədir? Arada toyuq kimi gedərsən. Təvəqqe edirik, danışma, özünü saxla.

(Səhifə 149): Atışmanın əvvəlindən axırına qədər erməni hücumçuları silahlı olaraq dəstə-dəstə şəhərin ən böyük və ən izdihamlı küçə və caddələrində hökumət idarələrinin və adamlarının gözləri qabağında əsgər bölükləri kimi azad və rahat bir tərəfdən o biri tərəfə keçir, istədikləri hərbi hərəkətdə olurlardı. Tiflis türkləri isə açıq surətdə Borçalıdan atlı dəstələr, köməkçilər çağırırlardı. Hətta bu gələn dəstələrə rəhbərlik edirlərdi. Vorontsov küçəsindəki zabit Yadigarovun evi bu gələnlərin, bu hücumların ştabı idi. Botaniçeski sadın şəhər tərəfindəki bürcləri - divarları Borçalıdan gələn dəstələrin səngərləri idi. O yüksək yerlərdən erməni məhəllələrini, Sulalakı, hətta namestnik Vorontsov-Daşkov sarayının yaxınlığındakı Yerevanski meydanını da gülləyə basırlardı. Qafqazın bu böyük mədəni mərkəzi qəsdlə hər iki millət canavarlarının əllərinə buraxılmışdı.

Qaynaq: Nemanzadə, Ömər Faiq. Xatirələrim. Bakı, Xan nəşriyyatı, 2014.

Hiç yorum yok:

Yorum Gönder