Tərcüməçi

Baxış sayı

7/20/2017

Ey ata, ey ana, biz günahkarıq! (kitabdan qeydlər)

Avropadan qayıdan şəxs əgər sosioloq və ya psixoloq, yaxud filosof və ya tərcüməçidirsə, bir modernist, mütərəqqi və inqilabçı ziyalı kimi özünün elmi şəxsiyyətlərinin qorunub saxlanılması və modernist ziyalıları onun elmi dəyərləri və ictimai şəxsiyyətini qorumağa borclu bilməyə sövq etmək üçün nə etmək lazım olduğunu çox yaxşı bilir. O bilir ki, əgər Jan-Pol Sartrın, yaxud Brextin və əsrimizin bu kimi ziyalılıq simalarından birinin bir müsahibəsini tərcümə etsə, cəmiyyət arasında həmişəlik olaraq beynəlxalq sima və mütərəqqi ziyalı kimi yadda qalacaq. Lakin həmin şəxs gəlib din mövzusunda bir əsər çap etdirsə, bu onun bədbəxtliyinin başlanğıcı olacaq. Dini və ənənəvi çevrə onun kitabını, ümumiyyətlə, dini bir kitab kimi qəbul edə bilməyəcək. Kitabı oxunmadan, sözü dinlənilmədən, özünü heç kəs tanımadan, küfr və faqislik kimi ittihamlara məruz qalacaq.


Gördüyünüz kimi, mənim zirəkliyim elədir ki, elə bir dil və yol seçmişəm ki, həm hənim rəsmi ziyalı sinfi, həm də bu rəsmi dini sinif mənə qarşıdır. Hər ikisi məni batil hesab edir. Buradan da başa düşdüm ki, yəqin, mən haqlıyam və doğru deyirəm. Çünki bu gün də Əlinin arxasınca getmək istəyən, həqiqətən, yalqız qalar. Onunla həm din düşmənləri vuruşarlar, həm də dini himayə etmək adı altında din təəssübkeşləri və özünü müqəddəs kimi göstərənlər onun üzərinə qılınc çəkərlər.

Keçən il Məkkədə keçirilən beynəlxalq islami bir konfransda çıxış etməyə getmişdim. Çıxışımın mətnini təqdim etdim, imtina edib dedilər ki, bu, “ifratçı şiə”dir, yəni Əli barəsində mübaliğə edən şiə. Mənə Səudiyyə Ərəbistanında ifratçı şiə olmaq, Əlipərəst olmaq ittihamı ilə islami bir konfransda iştirak etməyimin qadağan edilməsi xəbəri veriləndə, Allaha məni İranda sünnilikdə, Ərəbistanda isə şiəlikdə ittiham olunmaq yoluna yönəltdiyi üçün şükür etdim.

(Gəncin sözləri)

Mən isə özümü insanın iradə və məsuliyyətinin dəfn edildiyi bu icbari çərçivədən çıxartdım. İnsanın öz müqəddəratına görə məsuliyyət daşıdığını deyən fikir, cərəyan və ya fəlsəfə ardınca, yaxud, ümumiyyətlə, etiqadsızlıq, hər şeyə etinasızlıq və nihilizmin arxasınca getdim. Əgər Allah hər istədiyini edirsə, mən də ürəyim istəyəni edəcəyəm. Çünki sən deyirsən ki, kim nə edirsə, həmin işi Allah istəyir və edir. Əgər ilahi məcburiyyət doğrudursa, onda əxlaqi çərçivənin olması mənasızdır. Əgər hər şey icbaridirsə, onda hamı azaddır. Məgər sən həmişə öz peyğəmbərinin dilindən belə nəql edib demirsənmi ki, “xoşbəxt adam elə anasının qarnında xoşbəxtdir, bədbəxt də anasının qarnında bədbəxtdir?”

Sənin etiqad bəslədiyin Quran bizim nə işimizə yarayır?! Mən onun içində yazılanlardan xəbərsizəm. Bu baxımdan mən kafirlə, sən mömin – ikimiz də sinif yoldaşıyıq. Sadəcə mənim onunla işim yoxdur, - çünki oxumağa yaramayan kitab hansı dərdə çarə ola bilər? – sən isə daim onu gözünə, sinənə, böyürünə, uşağının bələyinə, qardaşının qoluna, xəstənin yastığına yapışdırırsan.

Ata, ana! Sənin namazın heç bir əxlaqi təsiri olmayan, əməli islah etməyən, hətta gigiyenik nəticəsi olmayan bir növ yeknəsək idmandır. Onu səhər, günorta və axşam yerinə yetirirsən, amma nə ondakı söz və ritualların mənasını bilirsən, nə də həqiqi fəlsəfəsini və əsas hədəfini başa düşürsən.

Sən deyirsən: Namaz qılmaq Allahla danışmaqdır. Təsəvvür elə, biri qarşındakı şəxslə danışır, amma nə dediyini özü də anlamır, lakin mənasız diqqət və həssaslıqla sözlərin və hərflərin düzgün tələffüz edilməsinə cidd-cəhd göstərir.

Məkkədə təvaf edəndə sol çiyninin ucunun Kəbə evi ilə tam paralel olmasına çox diqqət edirdin ki, əgər çiynin Kəbədən bir millimetr yayınsa, hər şey batil olacaq. Hətta kişilərin çoxu öz həyat yoldaşlarının çiynindən tutur, onu Kəbəyə tərəf düz saxlayırdılar ki, onların çiyni əyilməsin. Sanki həcc mürəkkəb elektronik və mexaniki bir əməldir ki, insanın bütün fikir-zikri onun mexaniki və texniki cəhətlərinə yönəlməlidir. Əgər işin icra formasında cüzi diqqətsizlik baş versə, partlayış olacaq. Halbuki elə özünüzdən eşidirəm ki, peyğəmbər dəvə ilə məscidül-hərama daxil olub və miniklə təvaf edib.

(Şəriətinin fikirləri)

Xristian ruhanilərinin kafir adlandırdığı Ernest Renanın etirafına görə “islam insan dinidir”. Mənim nəzərimcə, şiəlik digər islam məzhəblərin müqabilində xüsusi bir məzhəb (xristianlıqda katolik, protestan və ortodoks kimi, yaxud islamda sünni, ismaili, zeydi, əşəri, mötəzili, şiə və s-in bugünkü forması kimi) deyil. Elə bir məzhəb deyil ki, islam, üstəgəl bir necə əlavə şeylərdən ibarət – dinin əsasları ayrı, məzhəbin əsasları ayrı, islamın üç əsasl, şiəliyin isə əlavə iki əsası – olsun. Xeyr, şiəlik elə islamın özü olub. İndi də elədir və onda başqa heç nə yoxdur. Şiəlik islamın müəyyən formada başa düşülməsi olub.

Bizim bir müsəlman olaraq islam tarixində peyğəmbərin sünnəsi iddiası edən zülmkar xilafəti inkar etməyimizin mənası budur ki, bəşəriyyətin həyatının sonuna kimi ictimai həyatda rəhbərlik xəyanətkar, çirkin və iradəsiz deyil, məsum, yəni pak insanın üzərində olmalıdır. Bəşəriyyətin rəhbərliyi bu cərəyan, bu hərəkatın və bu cəbhənin öhdəsində olmalıdır.

Əli, Allah dərgahında dua oxuyan, alınları səcdədən qabar olmuş və aralarında çoxsaylı Quran hafizi olan dörd min nəfəri bir yerdə qılıncdan keçirmiş şəxsdir. Həmin dörd min nəfərdən yalnız 9 nəfəri onun əlindən salamar çıxa bilib. Kim belə bir iş görməyə cürət edərdiu? O özü barədə belə buyurub: “Fitnənin zülməti hər yeri bürüyəndən sonra, onun xəstəliyi hamını həlak etmək astanasında olanda onun gözünü mən çıxartdım. Məndən başqa heç kəsin belə bir işə cürəti çatmazdı”.

Əlinin leksikonunda haqqın mənası qüdrət deyil. O, heç Əlinin hakimiyyəti və Əlinin haqqı mənasında da deyil. Biz Əlinin ondan çox asanlıqla vaz keçdiyinin şahidi olduq. Əli leksikonunda haqqın mənası xalqın haqqı, zorakılığın ölümüdür. Buna görə də buyurur: “Mənim hökumətimdə qarışqanın ağzından arpa qabığını belə almaq olmaz. Mənim hökumətimdə hər bir insan başqa insanla bərabərdir - əgər müsəlmandırsa, imanda, müsəlman deyilsə, insanlıqda səninlə qardaşdır, ey Malik!”

İngiltərə koloniyaçılığını gücləndirmiş yəhudi məsləkli baş nazir Qladstonun sözünü eşitmisiniz. O, İngiltərə parlamentində Quranı qəzəblə tribunaya çırparaq belə demişdi: “Nə qədər ki, bu kitab müsəlmanların arasındadır, müsəlman ölkələrində təhlükəsizlik və onların İngiltərə müstəmləkəçiliyi qarşısında itaətkarlıq göstərməsi qeyri-mümkündür”.

Uill Dürant deyir: Quranın “Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin)” ayəsini İncilin “Əgər sənin sol üzünə şillə vursalar, sağ üzünü qabağa ver. Əgər abanı istəsələr, çıxart cübbəni də hədiyyə et” ayəsi ilə müqayisə edəndə belə məlum olur ki, Quran “kişi əxlaqı”nı, İncil isə “qadın əxlaqı”nı öyrədir.

Bu gedişlə min il keçsə, ziyalı appendisit artığı kimi “cəmiyyətin böyründə” və “özünün dörd divarı arasında” dini, bütün dini inancları və insanların bütün etiqadlarını pisləyəcək və lağa qoyacaq.

Bu nəsil əldən getmək üzrədir. Bu nəsil iki qərargah – müasirlik ilə qədimlik, təchizatlı və formalaşmış sünnə ilə bidət qütbləri, yalançı modernizm ilə yalançı dindarlıq, irticaçılıq ilə əyrilik, keçmişdəkiləri yamsıyanlarla indikiləri yamsılayanlar, köhnəpərəst ilə qərbpərəst, təəssübkeş dindar ilə təəssübkeş dinsiz və s. arasında tək-tənha, qərargah və pənahsız qalıb. Bu nəsil nə ənənəvi qədim qəlibdə qalıb, nə də zorla qəbul etdirilən və idxal edilmiş yeni qəlibə düşüb qərar tapır.

Mən təhsil almaq üçün Avropaya getdiyim vaxt Parisdə fars dilinə tərcümə etdiyim ilk kitab Aleksis Karrelin “Dua” (La Priere) əsəri olub. Bu kitab həmin dövrdən – 1959-cu ildən indiyə kimi dəfələrlə çap edilib.


Afrika Kommunist partiyasının keçmiş sədri və məşhur marksist mütəfəkkir Əmmar Ouzeqan kimi şəxs düşüncəli şəkildə İslama qayıtdı və özünün, adını Peyğəmbərin məşhur “ən üstün cihad zalım rəhbərin qarşısında deyilən sözdür” hədisindən götürdüyü “Ən üstün mübarizə” (Le Meilleur Combat) adlı kitabını yazdı.

Qaynaq: Əli Şəriəti. Ey ata, ey ana, biz günahkarıq! "Parlaq İmzalar" nəşriyyatı, 2014.

Hiç yorum yok:

Yorum Gönder