Tərcüməçi

Baxış sayı

7/15/2017

Dirilik nədir? - Yenisey Bilik Evi (kitabdan qeydlər)

Həsən bəy Zərdabi

Səh. 10-11: “Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik”.

Səh. 14-15: “Həqiqət, bizlərdə oğul atanın quludur. Məlumdur ki, bizlərdə oğul atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyri eyibdir. Ondan masəva, oğul atadan izinsiz nə ki, iş görə bilməz, hətta evlənə də bilməz. Xülasə, ata oğulu bir şey kimi, məsələn, eşşək kimi, özünə təəlluq hesab edib hər nə öz xahişidir, ona əməl elədir və dəxi bunu fikr etmir ki, gələcəkdə bu da adam olub qəyyumsuz iş görəcək. Belədə uşaq nə ki, qeyrilərin, hətta özünün ixtiyar və borclarından bixəbər olduğuna görə atası kimi özündən güclülərin qabağında iki qat oluban, özündən zəifləri adam hesab etməməyə adət edir.
Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə təlimdən ondan insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq atanın sözünə baxmayıb, o buyurduğuna əməl etməsin. Bu halda ki, bizim malımızın və qeyri düşməni artıb, uşağı dəxi bərk saxlamaq gərək ki, düşmənlərimizin ləzzətli görünən adətlərinə öyrənməsinlər. Pəs biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın. Uşaq ilə adamyana rəftar olunsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın. Qardaşlar, hökumət ya dövlət və qeyri ilə adam insan olmaz. Hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub sonra dövlət və qeyri axtarmaq.

Cəlil Məmmədquluzadə

Səh. 27: “Heç kəs deməsin ki, mən şəriət naminə övrətimi qoymuram üzüaçıq gəzsin.
Əgər biz gedib görək ki, məsələn, övrətimiz əlinə bir yekə dəyənək alıb öz anasını döyür – biz övrətə heç bir söz demərik. Halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. Amma əgər biz övrətimizi küçədə üzüaçıq görsək, vurub öldürərik. Aşkardır ki, burada özgə səbəblər var. Həmin səbəblərdən biri budur ki, övrətlərimizin örtülü dolanmağı bizlərdə bir adətdir düşübdür. Mən baxıram ki, heç bir müsəlman övrəti müsəlman içində üzüaçıq gəzmir və bunu görüb mən də razı olmuram ki, övrətim üzünü açsın və aça da bilməz! Əgər tək bircə mənim övrətim üzünü açsa, onu bikar müsəlmanlar “hoyda-hoydaya” götürərlər və mənim də adımı “biqeyrət” qoyarlar. Ərəbistanda, İranın çox yerlərində, Osmanlıda və Rusiyada müsəlman övrətləri üzüaçıq gəzirlər. Amma Qafqazda işlər özgə cürdür. Söhbət düşəndə bizim qeyrətli kişilərimiz deyirlər ki, belə lazımdır, çünki övrət üzüaçıq gəzib dolansa, özgə kişi ilə aşnalıq qatar. Əsl mətləb buradadır. Əgər həqiqətdə bizim övrətlərimiz belə etibarsız və bihəyadırlar, söz yox ki, lazımdır onları qoymayaq evdən eşiyə çıxsınlar. Amma görək doğrudurmu bu tövr gümanımız? Aya övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə əlimizdə bir sübut var, ya yox? Qonşularımız erməni övrətləri gözlərimizin qabağındadır. Bunlar üzüaçıq dolanırlar. Heç bir insan əhli deyə bilməz ki, erməni övrətləri özgə kişilər ilə aşnalıq qatırlar! Mən bu sözlərimi o kəslərə deyirəm ki, erməniləri yaxşı tanıyırlar və erməni övrətlərinin ər və övrət rəftarlarına yaxşı bələddirlər, özgələr ilə işim yoxdur. Hansı vicdan sahibi müsəlman deyə bilər ki, erməni övrətləri həyasızdırlar?

Səh. 30: “Əgər müsəlman övrətlərində bircə tikə qeyrət və qanacaq olsa, əgər müsəlman övrətləri gözlərini açıb qəflət yuxusundan oyansalar, biz kişilərdən boşanıb, yəhudilərə, bütpərəstlərə, yaponlara... övrət olmağı rəva görərlər.
Baxaq bir biz müsəlman kişilərinə və görək ki biz özümüz nəyik və hansı bağların çiçəyiyik? Biz övrətlərimizi dama qatırıq, amma özümüz mütrüb məclisinə gedib mütrübləri qucaqlayırıq...
...Biz övrətləri dama qatırıq, amma kənarda da hansı bir arvadın topuqlarını xoşlasaq, onu siğə edirik. Biz övrətləri dama qatırıq, amma övrət-uşağımızın ruzisini sarısaçlı əcnəbi fahişələrinə xərcəlyirik.

Əhməd bəy Ağaoğlu

Səh. 34: “Özünü azad sayan, yəni öz-özünün ağası olan bir cəmiyyət üçün mənəvi yoxsulluq da, maddi ehtiyac da böyük ləkədir. Həmin cəmiyyət öz üzvləri arasında belə vətəndaşların varlığına dözməməlidir. Belə vətəndaşlar varsa, deməli, həmin cəmiyyət öz vəzifəsini yerinə yetirmir. Vətəndaş adlanan adam biliksiz və ya əxlaqsızdırsa, dilənçi, ya da acdırsa, buna cavabdehlik cəmiyyətin boynuna düşür. Bu cür cəmiyyət ya vəzifələrini anlamır, ya da onları yerinə yetirmir. Hər iki hal çox acınacaqlıdır”.

Ömər Faiq Nemanzadə

Səh. 65: “Mən:
-          Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yəhudilərə də oxşamırıq bağışlayınız.
İngilis:
-          Tam onlar kimisiniz. Bilirsiniz ki, əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlar Aya Sofiyaya din bəhsləri ilə bir-birilərini boğurlardı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O iki ki, osmanlılar biraz bir müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər sizin bugünkü halınızda o dağılmış millətlərin halına oxşayır. Öz gününüzü, öz dərdinizi buraxıb şeytanın, lövhi-məhfuzun, zülcənahın qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ 500 il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: Belə bir vaxtda camaatı faidəsiz, din bəhsləri ilə mşğul edən müsəlman qəzetləri “ətiqə” deyillər də, nədir?”

Səh. 67-68: “Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz.
Nə olnu, niyə dodağını büzdün? Görünür, söylədiklərimdə şəkkin var. Çox yaxşı, buyur bərabər soruşalım, kimdir o?
-          Marağalı Məşədi Əliəsgər.
-          Bu kim?
-          Şamaxılı Əbdülqafar.
-          O biri?
-          O da ərzurumlu Dursun ağa.
Bunlardan birincisindən soruşalım:
-          Məşədi, siz nə cins və nə millətdənsiniz?
-          İranlı və şiə məzhəbəm.
-          Əbdülqafar ağa, sən?
-          Mən də qafqazlı babıyam.
-          Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.
-          Mən də osmanlı və sünniyəm.
-          Daha özgə?
-          Özgə heç?
Siz çox da deyiniz ki, “sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır”.

Səh: 69: “Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.
Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “türk” deyəsən, o saat səndən üz çevirər və bəlkə də səni düşmən hesab edər. Bir də axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?
-          Əcəmə bənzəyir.
-          Eyi, dəhduş diqqət et!
-          Elə özüdür, əcəmdir, qızılbaşdır.
-          Qoy olsun, biraz söylətəlim.
-          İşin yox, burax dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?
Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır”.

Səh. 70-71: “Çox yaxşı keçək Bakıya. Böyük “İslamiyyə” mehmanxanasına gedək. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündəə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:
-          Soy və millətiniz nədir?
-          Əlhəmdülillah müsəlmanıq.
-          Şiəsiniz, yoxsa sünni?
-          Heç biri deyiliz, təkcə müsəlmanıq.
-          Özgə, daha bir adınız-zadınız yoxdur?
-          Xeyr, xeyr, xeyr!
Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.
Xəyalidir, çünki əqidə və məsləkləri yox etmək mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir. Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnilik ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır. Nə zərəri var? Qoy hər kəs öz əqidəsinə, öz ictihadına, öz imanında olsun”.

Səh. 73: “Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan?
Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz.
Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın”.

Səh. 75-76: “Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini billmək elmidir.
Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir. Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır”.

Hüseyn Cavid

Səh. 78: “Rus-yapon müharibəsində, bəzi mütəfəkkirlər, yaponların qabiliyyətini onların komandanlarında, zabitlərində deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində, müəllimlərin xalqa vermiş olduğu tərbiyədə aramışlar. Şübhəsiz ki, bu nəzəriyyə almanlara, alman ordusuna daha ziyadə şamil olsa gərək...
Bizdə - Rusiyada ibtidai, orta və ali məktəblrin azlığı bir nöqsan təşkil etdiyi kimi, bu məktəblərdə keçilən bütün elmlər, bütün fənlər də olduqca səthi və nəzəridir. Halbuki, almanlarda böylə olmayıb da bütün-bütünə bunun əksinədir. Orta və ali məktəblər kənara dursun. İbtidai köy məktəblərində belə hər elm, hər fənn son dərəcə səmimi bir tədqiqat və əməliyyat ilə keçilir. Yalnız darülfünunlar deyil, köylərdə də səyyah bir professora təsadüf edilir. İctimai, fənni, ədəbi konfranslar verilir. fənni həqiqətlər olduqca tətbiqi bir surətdə göstərilir. Və ona görə də, hər bir alman yalnız dinləməklə qalmaz, dinlətmək də istər. Görməyi kafi bulmaz, göstərməyi də arzu edər. Hələ onlarda ibtidai məktəblərin məcburi olması, oğlan-qız, kiməsnin müstəsna tutulmaması daha başqa bir feyz, daha başqa bir fəzilətdir”.

Səh. 80-81: “İndiki iranlılar, bilxassə farslar göz önünə gətirilsin, bütün İranın əhvali-ruhiyyəsi təhlil edilsin, bütün şəhərlər, bütün köylər əfyunçuluq, şürbilik, səfsətə və laübalilik içində yuxarlanıb gedir. Müstəsna olaraq az bir qismi çıxdıqdan sonra, hər kəsdə, hər qafada bir ətalət, bir məskənət görünür. Əcaba, ruhları əzməkdə olan bu gevşəklikləri, bu səfaləti doğuran kimdir, nədir, hansı səbəblərdir?
-          Şübhəsiz ki, ədəbiyyat...
Ruhanilər və hakimlərin korluq və bacarıqsızlığı da təsirsiz deyil, amma eyicə diqqət buyurulsa, ən mühüm səbəb yenə ədəbiyyat və mətbuatdır. Firdövsi, Sədi, Nizami, Xəyyam kimi nadireyi-fitrətlər müstəsna; onlardan sonra gəlib də dünyanı beş quruşa almayan zzahid məslək ədiblər, laübali və məsxərəçi şairlər, əxlaqsız və yaltaq məddahlar, əcaba, hansı rəzalət qaldı ki, yapmadılar? Nə saçmalar, nə əfsanələr uydurmadılar?!
Bu hal türkiyədə də əskik olmamış... Bir kərə tarixi ədəbiyyat gözdən keçirilsə, Ruhi kimi laübali məşrəblər, Nəfi kimi yayqaraçılar, Nabi kimi ölgün bir fikir daşıyan fəlsəfəçilər, Nədim kimi səfahətpərvər xərabatilər öz yazıları ilə türklərin sağlam və sarsılmaz ruhlarını pozub gevşətdilər. Şinasi dövrünə gəlincəyə qədər, bəlkə ondan da sonra həp bir diziyə əcəm ruhu, əcəm fəlsəfəsini izlətdilər.
Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi meydan aldı. Həm də fransızların az-çox ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəyərsiz və çürük əsərləri təqib olundu, tərcümə edildi və özlərindən xüsusi əsər yazanlar belə, bir dürlü təqliddən yaxanı sıyıra bilmədilər. Həm də əskilik ilə yeniliyi, əcəmilik ilə fransızlığı qarışdıraraq, iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar. Yalnız Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kimi məşahir, bir də milli ənənələri, milli duyğuları dinləyən bəzi gənc ruhlar, gənc qələmlər köhnəlikdən, müqəllidlikdən sıyrılmağa başladılar. Namiq Kamal kimi özünü hər kəsə sevdirə bilən böyük bir hünərvəri belə çox kiçik, çox darruhlu buldurlar və haqları da var...

Məhəmməd Əmin Rəsulzadə

Səh. 86: “Dünyanın mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin üstünə hücum edirlər. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul edirlər. Dirilik üçün ölürlər.
Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutur və ona bu qədər əhəmiyyət verir. Halbuki Şərqdə, ələlxüsus, Şərqi-islamda yalqız olmaq üçün dirilirlər. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil edir”.

Səh. 88-89: “Biz, yəni islam aləmi və islam millətlrəi dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari və onlardakı tərəqqi və imranın əsir və dəstgiri olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha qəqul bir iş görmüş olur. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar.
...
Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” Məzrəəni abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir.
Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı isə dünyapərəstlikdir.
Diriliklərin ən qiymətlisi də milli dirilikdir.
...
Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir”.

Səh. 91-92: “Hafiz divani farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli odur.
“Ol səbəsdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfziləikən düşvar olur.
Bəndə tovfiq olsa bu düşvarı asan eylərəm.
Növbahar olğac dikəndən bərgi-gül izhar olur” – deyə türkcə yazmağa başlayan Füzuli, zamanında təsəvvür olunan “düşvarı” həqiqətən asan eyləmişdir. Füzuliyə böylə bir əzm təlqin edən zamanı, eyni zamanda, müasiri bulunan İran şahını belə türkcə şerlər yazmağa sövq eyləmişdir. Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şer yazmaq “sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və təqlid edənlər çoxaldı. Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı. Bu ədəbiyyatın hansı xüsusiyyət və müvəffəqiyyətlərlə irəlilədiyini və nə kimi əsərlər vücuda gətirdiyini göstərmək kəndi başına müstəqil bir mövzu təşkil edir. Burada isə biz yalnız bu qədərini söyləmək istəriz ki, Azərbaycan ədəbiyyatının təkamülü tıbqı Füzulinin həyati-ədəbisinə bənzər. Füzuli ilk öncə farsicə yazmış, sonra türkcəyə başlamış, türkcə yazarkən də ibtida Azərbaycan şivəsi ilə yazmış. Bağdadın Osmanlılara keçidindən sonra Füzuli lisanı getdikcə osmanlılaşmış, Şərq şivəsindən təbaüdlə Qərb şivəsinə yaxınlaşmışdır. Azərbaycan ədəbiyyatı da böylədir: azərbaycanlılar ibtida farsicə yazmışlar, sonra sırf Azərbaycan şiveyi-məhəlliyəsi ilə yazan Füzuli məşrəb şairləri ilə qocaman bir dövr davam eyləmişdir. Bu dövrdə Qövsi, Nəbati, sonra Vaqif, Seyid Əzim, Ləli, Raci kimi şairlər yetişmişdir. Nəhayət, üçüncü dövr gəlmiş: Qərb həyat və əfkarının təsirinə girən Azərbaycan ədəbiyyatı Osmanlı türk ədəbiyyatından mülhəm, müasir ədəbi türkcə ilə yazmaya başlamışdır. Bir tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan bu dövrün şairləri Əbdülsəlimzadə Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Səhhət, Münzib və sairləridir”.

Səh. 95: “Məktəb və mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra “uçitel” məqsədi anladı, bildi ki, Sədini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşina etmək həm lüzumlu, həm də faydalıdır. Fəqət bununla bərabər, türkü kəndi Sədisindən, kəndi Tolstoyundan məhrum etmək olmaz. Sədini, Tolstoyu və sair dünya məşahiri-ədibini anlamaq üçün kəndi Füzulilərini, Nəbatilərini – nə qədər kiçik də görünsələr, Seyidlərini, Sabirlərini, Cavidlərini, Cavadlarını öyrənməlidirlər”.

Üzeyir Hacıbəyov

Səh. 110: “Oxucuların yadında olsun ki, haman bu baş qırxmaq məsələsi şapka və dar şalvar məsələlərindən biridir ki, millətimizin tərəqqisi qabağında böyük bir əngəldir. Məsələn:
-          Filankəs; neyçün oğlunu məktəbə qoymursan?
-          Balam, qoymuşdum, uştil deyib ki, gərək başın tüklü olsun. Mən də ona razı olmadım.
-          Başı tüklü olsa, nə olar?


-          Mənim oğlum olmaz, urus balası olar. Və bir də o adam ki, adını müsəlman qoyubdur, gərək, onun başı qırxıq olsun”.

   Qaynaq: Yenisey Bilik Evi. Dirilik nədir?

Hiç yorum yok:

Yorum Gönder